
Hamı ideallıqdan danışır, amma praktiki cəhətdən ideal deyilən bir şey hələ kəşf olunmayıb və belə davam etsə, kəşf olunmayacaq. Ağıla gələn hər müsbət keyfiyyəti özündə birləşdirən insana belə ideal deməkdən çəkinirik. Çünki ona ideal desək, özümüzü adi bir əski parçası kimi hiss edərik. Bunun qarşısını almaq üçün isə ancaq nağıllarda olan qəhrəmanların insani keyfiyyətlərini misal gətirib ideallığa namizədliyini irəlisürmüş şəxsi “seçkilərdə” məğlubiyyətə uğradırıq. Məsələn, o, Leyli vəMəcnun kimi sevə bilməz və ya Süleyman peyğəmbər kimi ədalətli ola bilməz ya da mənim bir qohumum var onun kimi əliaçıq ola bilməz və s. Qabağı gedəni ayağından dartmaq lazımdı. Neyniyək, türklər demişkən: İnsani ihtiyaç işte. Nəticə belə çıxır ki, əslində ideallıq sevgi kimi nisbi anlayışdı. Nədənsə son zamanlar gözümdə hər şey nisbiləşir. Hətta ölüm də... Verilən boş salamlar, mənasız hal-əhval tutmalar, öpüşüb-görüşmələr. Hər yerdə oğlanların bərəlmiş gözü qız, qızların isə ancaq süzdürməyə proqramlaşdırılmış gözləri onlara söz atan oğlan tapmaq üçün 80 gün yer ətrafına fırlanmağı özünə və başqalarına söz vermiş Mister Fok kimi maksimal sürətdə dövr etməyə başlayır. Bu yaxınlarda Apamdan eşitdiyim bir aforizmi xatırladım: “İnsanları tanıdıqca heyvanlara olan hörmətim və sevgim artır.” Dində deyilir ki, Allah heyvanlara nəfs verdi, amma ağıl vermədi. Onların vəzifəsi ancaq öz ehtiyaclarını ödəyib, nəsillərini artırmaqdır. Mələklərə əksinə. Ona görə mələklər əvvəldən günahsız və kamil oldular. İnsanlara isə həm nəfs, həm də ağıl verildi. Əgər insan ağlı ilə nəfsinəqalib gəlib kamil olsa, onda mələkdən də ali olar. Çünki mələk bunun üçün əziyyət çəkmir. Amma deyəsən biz-insanlar heyvan yolunu tutmuşuq...
Qarşımda məktəbli bir qız oturub. Əynində qara saçları ilə uyğunlaşan qara gödəkçə və cins şalvar var. Çantası da ağ qara rəngdən və insan kəlləsi şəkillərindən ibarətdir. Qulaqlarında qulaqcıqlar mahnıya qulaq asır. (yeri gəlmişkən telefon modeli mənimki ilə eyni olduğunda ürəyimdən keçdi ki, kaş mənim də qulaqcıqlarım olardı) Hərdən başını qaldırıb ətrafdakı mənzərəyə baxır, ya da ağzındakı saqqızı aramla çeynəyir. Nədənsə ondan ətrafdakılara, yaxşısı budu öz adımdan danışım, mənə müsbət enerji gəlir. Üzündəki məsumluq məni gülümsəməyə məcbur edir. Əziz oxucu, əgər buranı oxuyanda beyninizdən “deyəsən xoşun gəlib ha” və ya “gərək nömrəsin alardın” ya da “bəlkə aşiq olmusan” və buna bənzər fikirlər keçdisə, dərhal oxumağı dayandırıb yuxarıdakı X işarəsini basmağı məsləhət görürəm, çünki siz onun yazılarını oxumağa layiq deyilsiniz. Düzünü desəm, bunu bir təhqir və ya təkəbbürlük əlaməti kimi ya da başqa bir mənada anlmağınız vecimə deyil. Xatırladım ki, hal-hazıda “o biri dünya”dasınız... Əgər bayaq sadaladığım mənasız və boş fikirlərin beyninizdən keçmədiyinə əminsinizsə, davam edə bilərsiniz... Davamı növbəti dəfə...
Oktyabr 2009