
Yağış. Bakıya yağış yağır. Elxanın dediyi kimi kiçik olsalar belə çox olan damlalar göylərin gözlərindən yerə səpələnir. Göy üzü öz kədərini, yer üzündə izlədiyi dəhşətləri, yalanları unutmağın yolunu ağlamaqda görür. Hərdən külək səmanın göz yaşlarını silmək, bir dəfəlik qurutmaq məqsədilə sonsuz nəfəsini ona tərəf üfürür, amma səmanı sakitləşdirə bilmir...
Yadımdadı, sən ürəyimdə bir ərazi işğal edib oranı hasar içinə alanda da yağış yağırdı. Sənə qəlbimə etdiyin təcavüz haqqında xəbər verəndə də yağış yağırdı. Bu həmin xain yağış idi ki, səni sevmədiyimi anlayanda da yağmışdı. Sonra ümumiyyətlə sevginin nə olduğunu bilmədiyimi anlayanda da bu lənətə gəlmiş yağış yağmışdı. Bu yağış son dəfə qəlbimdə işğal elədiyini sandığım ərazinin əslində özüm tikanlı məftillə əhatələyib sənə təklif etdiyimi başa düşəndə yağmışdı. Və. Və indi də yağır. İndi həqiqətən yağır. Daha yanaqlarımdakı nəmliyin səbəbi yalan olmayacaq. Doğrudan yağış yağır. Hamının görə bildiyi yağış yağır. Niyə də yağmasın? Ən azından o, hər dəfə ağlamaq səbəbi haqqında heç kimə izahat vermək məcburiyyətində deyil. O, sadəcə yağışın damlalarının yerə toxunması ilə birlikdə pıçıldayır. Öz səsi öz qulağına əzab verən, amma dayanmadan şikayət edənlər bunu duymur.
02.05.2010