21 июл. 2010 г.

Qızıma məktub


Salam, mənim gözəl gözlü balaca məleykəm. Yazmağıma səbəb səni bu gecə yuxuda görməyimdi. Buradakı yataqlar rahatdı, ayda bir dəfə üzlüklərini dəyişirlər. Mənə qulluq edən tibb bacısı çox gözəl insandır. Elə bil üzündən nur yağır. Həmişə mənə nəzakətlə nəsə təklif edir, mən xəstələnəndə tez sağalmağım üçün əlindən gələni edir. Lap ana kimi... Elə özüm ona “ana” deyə müraciət edirəm. “Ana”mı çox sevirəm, həqiqətən sevilməyə layiq insandı. Hərdən onu incidirəm, o da məni. Dovğa yeyəndə həmişə sulu yerini içib göylərini saxlayıram. Bir də kələm dolmasını soyundurub ətini yeyirəm. O, həmişə buna görə üstümə hirslənir və məni məcbur edir ki, onun xətrinə yeyə bilmədiyim şeyləri içəri ötürüm. Aramızda qalsın, qaynadılmış kələmi görəndə hər gecə yatanda sidiklə islatdığım “pampers”im yadıma düşür. Nədənsə özümdən asılı olmadan gecə yerimi batırıram. Bircə onu xatırlayıram ki, yerimi islatmamışdan qabaq yuxuda unitazın qabağında dayanıram. Uzun müddət özümü saxlayandan sonra boşalsam da, yenə də narahatçılıq hiss edirəm. Oyananda narahatçılığımın səbəbi məlum olur. “Ana” deyir, bunu edən şeytandı. Bilirsən, əslində günah məndə ya da şeytanda deyil. Paltaryuyan maşındadı. O, üzlükləri belə bəmbəyaz etməsə, mən də onları bəyazlıqda onlardan geri qalmayan unitazla səhv salmaram. Çox yaxın bir dostum var.(bu “dost” sözündən heç xoşum gəlmir) Deyəsən cənubdan gəlib, adı Əbil Məlik İbn Raşiddir. Bilirəm, güləcəksən, çox uzun və gülməli addır. Digər palatalardakı qonaqlar da onu ələ salıb gülürlər. Amma o, yaman yaxşı adamdır. Mənə burda ən yaxın adamdır. Hər gün xəbərlərə baxırıq. Ümid edirəm, dünya dediyiniz zadın problemləri tezliklə qurtaracaq. Hərdən təəccüblənirəm, əgər quyruğu boğazında olan pijamalı insanlar elə gözəl danışırlarsa, niyə hələ də bu qədər narazıçılıq eləyirsiz hamınız. Biz burada tez-tez maraqlı və gülməli oyunlar oynayırıq. Buna dövlətcik-dövlətcik oyunu deyirlər. Birimiz bu dövlətciyin başçısı olur, qalanları da onun köməkçiləri, işçiləri və adi adamlar. “Ana”m həmişə işçi kimi oynayır, həmişə istəyirəm onunla bir sırada oynayım, amma alınmır. Başçı isə həmişə başında əcaib təpəgözü olan papaqla gəzən kişi olur. Ona burda baş həkim deyirlər. Oyunun məğzi belədir: Başçı işçilərə tapşırıqlar verir, onlar da bizə həmin tapşırıqları yerinə yetirdirlər. Adətən biz bunları yerinə yetiririk. Hərdənsə bir ya iki nəfər bunu etməkdən boyun qaçırır. Onda tez meydana köməkçilər girir. Onların əllərində iplər və şiş iynələr var. Etiraz edənlər iynələnən kimi guya özlərindən gedirlər və uzanıb yatırlar. Əgər bu eyni adamlardan təkrar olunsa, onların ən zəif yerlərindən vurulur. Məsələn mənim ən zəif yerim sənin şəklindir. Özüm çəkmişəm. Hamının itirəsi bir şeyi var. Bir dəfə sənin şəklini yandırmaqla hədələdilər və mən təslim oldum. Bu oyunun bir hissəsidir. Belə olanda gülməkdən ölürük, kobud kimi görünsə də, çox əyləncəli oyundur. O gün o qədər güldüm ki, qabırğalarım hələ də ağrıyır. Hətta bir dəfə guya başçını dəyişməli olduq. Köhnə başçı istefa verdi və seçkilər keçirdik. Səslərimizi yığdılar. Mən “ana”ma səs verdim. Heyif ki, o seçilmədi. Tamam başqa adamı başçı seçdik. Onun hardan gəldiyini və necə seçildiyini bilmirəm. Amma buna üzülmürəm, onsuz da hər şey olduğu kimi davam edir. Nəyə görə hamı bura dəlixana deyir, bilmirəm. Bəzən düşünürəm ki, dəlixanada yaşayan biz yox, sizsiz...
Şeydi ee, qızım, deməyə də utanıram, o gün bizə bir gözəl qız gəldi. Çox qəşəng qulaqları var. O, həmişə yemək yeyəndə qulaqlarındakı tüklərin titrəməsinə baxdıqca qəlbim o tüklərlə birlikdə titrəyir. Onunla tez-tez söhbət eləyirəm, demək olar bütün günü birlikdə oluruq. Yatmaq vaxtı bir-birimizdən ayrılmaqdan zəhləm gedir. Bir dəfə gecə yarısı gizlincə onun yatdığı otağa gedib onun şirin qulaqlarına tamaşa eləmişdim səhərə kimi. Səhər məni o otaqda tapanda “ana”m çox əsəbləşdi. Məndən soruşanda yalandan dedim ki, guya yuxuda gəzmişəm. O qızı da çox sevirəm. Ümid eləyirəm, bu hərəkətimlə sənin anana xəyanət eləmirəm, sən də incimə, bəlkə sən özün də bir gün ona ana dedin. Hər gecə səninlə görüşəcəyimiz gün haqqında düşünürəm. Sənin qoxun qolumdakı ağ-qara qolbaqda hələ də qalıb..
P.S. Az qala unutmuşdum, o gün Əbil Məlik İbn Raşidlə dəhlizin sonundakı otağa girəndə orda sənə indiyə qədər yazdığım məktubları tapdım. Əbil Məlik İbn Raşid dedi ki, yəqin bu məktublar heç sənə çatmayıb. Çox ağıllı adamdır bu Əbil Məlik İbn Raşid. Mənim heç ağlıma gəlməzdi bu. Sən də elə düşünmüsən ki, atan səni unudub. İndi bilirsən ki, belə deyil, gözəlim mənim. “Ana”m bunları bura niyə qoyub bilmirəm, amma bu məktubu “ana”ma verəndə deyəcəm ora qoymasın. Sənə göndərsin. Arxayın ol... Öpürəm səni,mələyim.

Anası hələ məlum olmayan doğulmamış qızıma atasından.