14 нояб. 2009 г.

Bir siqaretin manifesti


Qara kapüşonlu gənc uzaq bir yerdə atılmış xarabadan çıxıb maşının arxa qapısını açdı. İçəriyə keçib sürücüyə sürməyi işarə etdi. Son üç gündə ata və oğula etdiklərini fikirləşməyə başladı. Əli ilə başını tutdu, bu günlər ağzına siqaret almamışdı. Dodaqları büzüşmüşdü. Əlini cibinə atıb qutunu götürdü. Bir siqaret çıxarıb yandırdı. İlk qullabı alan kimi gözü qaraldı, qəribə bir qüvvə gözlərini yummağa məcbur etdi. Bir-iki dəqiqə gözü yumulu vəziyyətdə oturdu. Gözlərini açanda təəccübləndi. Bayaq əlində olan siqaret dənəciyi indi stolun üstündə dimdik dayanmışdı. Qabağa əyilib onu götürmək istədi. Amma birdən dənəcik qırağa sıçradı:
- Bir az gözlə, sənə deyəcəklərim var, zavallı insancığaz... Yox, bağışla, siz axı başqalarına belə deyirsiz. Gəl, belə edək. Mən sənə hostçucığaz deyim. Həə, necədi? Xoşuna gəldi?
Gəncin gözləri bərəldi. “Bu nədir, məni qara basır” deyə fikirləşdi. Gözlərini ovuşdurdu, bir də baxdı, amma səhnə dəyişmədi. Siqaret dənəciyi canlanmışdı və indi düz onun qabağında sağa-sola addımlayırdı.
- Bilirsən sənin kimiləri bu dünyada çoxdu. Siz gör necə yazıq məxluqlarsız ki, özünüz icad etdiyiniz, 6x0,2 ölçüdə kağıza bükülmüş ota əsir olmusunuz. Bəziləriniz deyir ki, lənətə gəlsin bu amerika hindularını. Onlar olmasaydı, indi insanlar siqaretin nə olduğunu bilməyəcəkdilər. İlk baxışdan mənalı qarğışdı. Amma inan mənə, biz olmasaydıq belə siz bədbəxtlər dalını ağzınıza alıb soraraq tüstüsünü göyə buraxa biləcəyiniz bir şey tapıb icad edərdiniz. Siz insanlardan bizi çəkməyə görə ən çox üç bəhanə eşitmişəm. Birincisi bəzilərinizin dediyi: “Ala, cavanlıqdı daa” və ya “Kişilikdi dəə” kimi boş və mənasız ölçmə şkalası... İkincisi deyir problemim var, dərd çəkirəm ... Guya dərdi olan adam yoxdu bu dünyada...Xa-xa-xa.. Üçüncüsü isə deyir...
Qara kapüşonlu dodaqları titrəyə dənəciyin sözünü kəsdi:
- Mən səndən asılı deyiləm. Mən... mən elə-belə çəkirəm, istədiyim vaxt tərgidərəm...
- Ay sağ ol. Sözümü dilimdə tutdun. Onda mən sənə belə cavab verim, ay zırt, tərgitdin... O ləzzət ki sənin qanına hopub, onu sən heç vaxt unutmayacaqsan... He-he-he... Bir az bundan qabaq o oğlanla kişinin başına açdığı oyunu xatırlayırsan... İndi sənin də gözlərin onunku kimi qıpqırmızı olub, əsəblərin gərilib. Qəribədir, görəsən nədəndir?... Siz hostçular cəmiyyətdəki pisliklərlə müharibə aparırsınız, amma öz içinizdəki müharibəni hələ udmamısınız...
- Ay sənin ... Əl çək məndən!!!
- O-o-o-o, söyüş söymək niyə? Heç Allah ordusunun əsgəri söyüş söyər... Hə, Allah ordusu... Ha-ha-ha-ha... Allahın səni güldürsün... HOSTÇUCIĞAZ!!!
Qara kapüşonlunun əlləri titrəyirdi, özünü toplaya bilmirdi, daxildən gələn soyuq
dan tir-tir əsirdi. Sanki bu dəqiqə gözləri yerindən çıxacaqdı. Son gücünü toplayıb əlini siqaretə uzatdı. Siqaretə yaxınlaşdıqca ürəyini qəribə həyəcan basdı. Dənəciyə çatanda onu şiddətli öskürək tutdu və qan tüpürməyə başladı.
- AAAAAAAAAAAAAAAAA- deyə bağırdı. Öz səsinə özü oyandı. “Yaxşı ki, həqiqət yox, yuxu idi”-deyə düşündü. Amma nəsə qaydasında deyildi. O qərargah
da tibb otağında yataqda uzanmışdı. Bura necə gəldiyini xatırlaya bilmədi. Qarşı
sına qanlı tüpürcəklə dolu qab qoyulmuşdu. “Bu iyrənc qabı bura kim qoyub?” deyə düşündü. Amma içdən gələn qanlı öskürək sualına cavab oldu... O vərəm idi.
Tənha şəhid və Amir

2 комментария:

Şəhid комментирует...

Bu yazinin bir az ferqli tarixchesi var.Axsham ilham geldi bize ve yazi yazildi.Seher Amigile getdim ve Ami yazini oz eleyinden kecirtdi.Bu da netice...Sonra xosularin choxu bu yaziya gore bize qarwi cixdilar.Ilk defe heyatimda oz fikirlerine gore mubarize aparmagin nece bir hiss oldugunu daddim...

amir комментирует...

he,
elvide o gunler:P