8 нояб. 2009 г.

Şəhidin cənnətdən məktubu



Salam, sevgilim. Bağışla, deyəsən yenə səhv dedim. Salam, sevdiyim. Bu sözləri nə qədər çalışsam da üzünə deyə bilmədim. Sən mənə nifrət etmədin, əksinə mənim əzablarım davam etdi. Heç yerdə rahatlıq tapa bilmədim. Əvvəl belə olanda həmişə anama sarılardım. Onun isti ağuşu mənim cənnətim idi. Amma nədənsə sonradan cənnətim mənimlə olmadı. Adəmlə Həvvadan fərqli olaraq mən cənnətdən qovulacaq günah etmədim. Sadəcə cənnətim özü məndən həmişəlik uzaqlaşdı. Anamın qəbri üstündə ağladım çoxlu, amma o qayıtmadı. Molla əmi mənə dedi ki, öz balasını halallıq içində böyüdən, onu canından çox sevən analar cənnətə gedirlər. Anam özü cənnətini tapsa da, mənim cənnətimi əlimdən aldı. Atam sərxoşluqdan mənim üzümü də xatırlamırdı. Hər şeydən əlimi üzüb intiharımın son dəqiqəsində sən gəldin. Xatırlayırsanmı, o sakit dənizi. O dənizi ki, mənim kəfənim və qəbrim olmalı idi. Amma sən məni o qəbirdən çıxartmışdın. Sən mənim üçün hər şey idin. Mənsə sadəcə sənin ən yaxın dostun. Müharibə başlayanda məni cəbhəyə yola saldığın gün yadındadırmı? Bax, o gün bütün gecəni sənə necə sevdiyimi söyləmək haqqında düşündüm. Səni görəndə isə həyəcandan nə deyəcəyimi unutdum. Gözlərindən düşən hər damla yaş mənim üçün cəhənnəm əzabı idi. Məni sevdiyim yola salırdı cəbhəyə. Sən isə sadəcə ən yaxın dostun üçün ağlayırdın. İstədim sənin əllərindən tutub, gözəl gözlərinin içinə baxıb səni sevdiyimi söyləyim. Amma edə bilmədim. Son döyüşümdə düşmən gülləsinə necə tuş gəlməyim yadımda deyil. Bircə onu xatırlayıram ki, yaralı döyüş yoldaşımı güllə yağışından çıxartmaq istəyirdim. Uzun sürən ağrılardan sonra ürəyimin döyüntüsü kəsildi. Amma əsl əzablar hələ qabaqda idi. Çünki cəhənnəmə düşmüşdüm. Bir dəfə dükandan elədiyim oğurluğa görə əllərim dibindən balta ilə kəsilir, sonra yenidən əmələ gəlirdi. Şükür ki, Allah məni cənnətə layiq gördü. İndi iki qat cənnətdəyəm, çünki anam da yanımdadı. Amma yenə də tənhayam. Sən yanımda yoxsan. Sevdiyim, çalış Allahını tanı ki, bəlkə Tanrımın sənə rəhmi gələr. Mənə də. Bilirəm, yeri deyil, amma bunu sənə sağ olanda deyə bilməmişəm. MƏN SƏNİ SEVİRƏM. Sənin gözəl gözlərini cəhənnəmin alovunda yox, cənnətin nurunda görmək ümidilə...
Səni sevən...
Tənha Şəhid

1 комментарий:

heartless комментирует...

Şəhidim.....