21 июл. 2010 г.

Qızıma məktub


Salam, mənim gözəl gözlü balaca məleykəm. Yazmağıma səbəb səni bu gecə yuxuda görməyimdi. Buradakı yataqlar rahatdı, ayda bir dəfə üzlüklərini dəyişirlər. Mənə qulluq edən tibb bacısı çox gözəl insandır. Elə bil üzündən nur yağır. Həmişə mənə nəzakətlə nəsə təklif edir, mən xəstələnəndə tez sağalmağım üçün əlindən gələni edir. Lap ana kimi... Elə özüm ona “ana” deyə müraciət edirəm. “Ana”mı çox sevirəm, həqiqətən sevilməyə layiq insandı. Hərdən onu incidirəm, o da məni. Dovğa yeyəndə həmişə sulu yerini içib göylərini saxlayıram. Bir də kələm dolmasını soyundurub ətini yeyirəm. O, həmişə buna görə üstümə hirslənir və məni məcbur edir ki, onun xətrinə yeyə bilmədiyim şeyləri içəri ötürüm. Aramızda qalsın, qaynadılmış kələmi görəndə hər gecə yatanda sidiklə islatdığım “pampers”im yadıma düşür. Nədənsə özümdən asılı olmadan gecə yerimi batırıram. Bircə onu xatırlayıram ki, yerimi islatmamışdan qabaq yuxuda unitazın qabağında dayanıram. Uzun müddət özümü saxlayandan sonra boşalsam da, yenə də narahatçılıq hiss edirəm. Oyananda narahatçılığımın səbəbi məlum olur. “Ana” deyir, bunu edən şeytandı. Bilirsən, əslində günah məndə ya da şeytanda deyil. Paltaryuyan maşındadı. O, üzlükləri belə bəmbəyaz etməsə, mən də onları bəyazlıqda onlardan geri qalmayan unitazla səhv salmaram. Çox yaxın bir dostum var.(bu “dost” sözündən heç xoşum gəlmir) Deyəsən cənubdan gəlib, adı Əbil Məlik İbn Raşiddir. Bilirəm, güləcəksən, çox uzun və gülməli addır. Digər palatalardakı qonaqlar da onu ələ salıb gülürlər. Amma o, yaman yaxşı adamdır. Mənə burda ən yaxın adamdır. Hər gün xəbərlərə baxırıq. Ümid edirəm, dünya dediyiniz zadın problemləri tezliklə qurtaracaq. Hərdən təəccüblənirəm, əgər quyruğu boğazında olan pijamalı insanlar elə gözəl danışırlarsa, niyə hələ də bu qədər narazıçılıq eləyirsiz hamınız. Biz burada tez-tez maraqlı və gülməli oyunlar oynayırıq. Buna dövlətcik-dövlətcik oyunu deyirlər. Birimiz bu dövlətciyin başçısı olur, qalanları da onun köməkçiləri, işçiləri və adi adamlar. “Ana”m həmişə işçi kimi oynayır, həmişə istəyirəm onunla bir sırada oynayım, amma alınmır. Başçı isə həmişə başında əcaib təpəgözü olan papaqla gəzən kişi olur. Ona burda baş həkim deyirlər. Oyunun məğzi belədir: Başçı işçilərə tapşırıqlar verir, onlar da bizə həmin tapşırıqları yerinə yetirdirlər. Adətən biz bunları yerinə yetiririk. Hərdənsə bir ya iki nəfər bunu etməkdən boyun qaçırır. Onda tez meydana köməkçilər girir. Onların əllərində iplər və şiş iynələr var. Etiraz edənlər iynələnən kimi guya özlərindən gedirlər və uzanıb yatırlar. Əgər bu eyni adamlardan təkrar olunsa, onların ən zəif yerlərindən vurulur. Məsələn mənim ən zəif yerim sənin şəklindir. Özüm çəkmişəm. Hamının itirəsi bir şeyi var. Bir dəfə sənin şəklini yandırmaqla hədələdilər və mən təslim oldum. Bu oyunun bir hissəsidir. Belə olanda gülməkdən ölürük, kobud kimi görünsə də, çox əyləncəli oyundur. O gün o qədər güldüm ki, qabırğalarım hələ də ağrıyır. Hətta bir dəfə guya başçını dəyişməli olduq. Köhnə başçı istefa verdi və seçkilər keçirdik. Səslərimizi yığdılar. Mən “ana”ma səs verdim. Heyif ki, o seçilmədi. Tamam başqa adamı başçı seçdik. Onun hardan gəldiyini və necə seçildiyini bilmirəm. Amma buna üzülmürəm, onsuz da hər şey olduğu kimi davam edir. Nəyə görə hamı bura dəlixana deyir, bilmirəm. Bəzən düşünürəm ki, dəlixanada yaşayan biz yox, sizsiz...
Şeydi ee, qızım, deməyə də utanıram, o gün bizə bir gözəl qız gəldi. Çox qəşəng qulaqları var. O, həmişə yemək yeyəndə qulaqlarındakı tüklərin titrəməsinə baxdıqca qəlbim o tüklərlə birlikdə titrəyir. Onunla tez-tez söhbət eləyirəm, demək olar bütün günü birlikdə oluruq. Yatmaq vaxtı bir-birimizdən ayrılmaqdan zəhləm gedir. Bir dəfə gecə yarısı gizlincə onun yatdığı otağa gedib onun şirin qulaqlarına tamaşa eləmişdim səhərə kimi. Səhər məni o otaqda tapanda “ana”m çox əsəbləşdi. Məndən soruşanda yalandan dedim ki, guya yuxuda gəzmişəm. O qızı da çox sevirəm. Ümid eləyirəm, bu hərəkətimlə sənin anana xəyanət eləmirəm, sən də incimə, bəlkə sən özün də bir gün ona ana dedin. Hər gecə səninlə görüşəcəyimiz gün haqqında düşünürəm. Sənin qoxun qolumdakı ağ-qara qolbaqda hələ də qalıb..
P.S. Az qala unutmuşdum, o gün Əbil Məlik İbn Raşidlə dəhlizin sonundakı otağa girəndə orda sənə indiyə qədər yazdığım məktubları tapdım. Əbil Məlik İbn Raşid dedi ki, yəqin bu məktublar heç sənə çatmayıb. Çox ağıllı adamdır bu Əbil Məlik İbn Raşid. Mənim heç ağlıma gəlməzdi bu. Sən də elə düşünmüsən ki, atan səni unudub. İndi bilirsən ki, belə deyil, gözəlim mənim. “Ana”m bunları bura niyə qoyub bilmirəm, amma bu məktubu “ana”ma verəndə deyəcəm ora qoymasın. Sənə göndərsin. Arxayın ol... Öpürəm səni,mələyim.

Anası hələ məlum olmayan doğulmamış qızıma atasından.

8 мая 2010 г.

Yağış


Yağış. Bakıya yağış yağır. Elxanın dediyi kimi kiçik olsalar belə çox olan damlalar göylərin gözlərindən yerə səpələnir. Göy üzü öz kədərini, yer üzündə izlədiyi dəhşətləri, yalanları unutmağın yolunu ağlamaqda görür. Hərdən külək səmanın göz yaşlarını silmək, bir dəfəlik qurutmaq məqsədilə sonsuz nəfəsini ona tərəf üfürür, amma səmanı sakitləşdirə bilmir...
Yadımdadı, sən ürəyimdə bir ərazi işğal edib oranı hasar içinə alanda da yağış yağırdı. Sənə qəlbimə etdiyin təcavüz haqqında xəbər verəndə də yağış yağırdı. Bu həmin xain yağış idi ki, səni sevmədiyimi anlayanda da yağmışdı. Sonra ümumiyyətlə sevginin nə olduğunu bilmədiyimi anlayanda da bu lənətə gəlmiş yağış yağmışdı. Bu yağış son dəfə qəlbimdə işğal elədiyini sandığım ərazinin əslində özüm tikanlı məftillə əhatələyib sənə təklif etdiyimi başa düşəndə yağmışdı. Və. Və indi də yağır. İndi həqiqətən yağır. Daha yanaqlarımdakı nəmliyin səbəbi yalan olmayacaq. Doğrudan yağış yağır. Hamının görə bildiyi yağış yağır. Niyə də yağmasın? Ən azından o, hər dəfə ağlamaq səbəbi haqqında heç kimə izahat vermək məcburiyyətində deyil. O, sadəcə yağışın damlalarının yerə toxunması ilə birlikdə pıçıldayır. Öz səsi öz qulağına əzab verən, amma dayanmadan şikayət edənlər bunu duymur.

02.05.2010

1 янв. 2010 г.

Sadəcə bir gün...


Hamı ideallıqdan danışır, amma praktiki cəhətdən ideal deyilən bir şey hələ kəşf olunmayıb və belə davam etsə, kəşf olunmayacaq. Ağıla gələn hər müsbət keyfiyyəti özündə birləşdirən insana belə ideal deməkdən çəkinirik. Çünki ona ideal desək, özümüzü adi bir əski parçası kimi hiss edərik. Bunun qarşısını almaq üçün isə ancaq nağıllarda olan qəhrəmanların insani keyfiyyətlərini misal gətirib ideallığa namizədliyini irəlisürmüş şəxsi “seçkilərdə” məğlubiyyətə uğradırıq. Məsələn, o, Leyli vəMəcnun kimi sevə bilməz və ya Süleyman peyğəmbər kimi ədalətli ola bilməz ya da mənim bir qohumum var onun kimi əliaçıq ola bilməz və s. Qabağı gedəni ayağından dartmaq lazımdı. Neyniyək, türklər demişkən: İnsani ihtiyaç işte. Nəticə belə çıxır ki, əslində ideallıq sevgi kimi nisbi anlayışdı. Nədənsə son zamanlar gözümdə hər şey nisbiləşir. Hətta ölüm də... Verilən boş salamlar, mənasız hal-əhval tutmalar, öpüşüb-görüşmələr. Hər yerdə oğlanların bərəlmiş gözü qız, qızların isə ancaq süzdürməyə proqramlaşdırılmış gözləri onlara söz atan oğlan tapmaq üçün 80 gün yer ətrafına fırlanmağı özünə və başqalarına söz vermiş Mister Fok kimi maksimal sürətdə dövr etməyə başlayır. Bu yaxınlarda Apamdan eşitdiyim bir aforizmi xatırladım: “İnsanları tanıdıqca heyvanlara olan hörmətim və sevgim artır.” Dində deyilir ki, Allah heyvanlara nəfs verdi, amma ağıl vermədi. Onların vəzifəsi ancaq öz ehtiyaclarını ödəyib, nəsillərini artırmaqdır. Mələklərə əksinə. Ona görə mələklər əvvəldən günahsız və kamil oldular. İnsanlara isə həm nəfs, həm də ağıl verildi. Əgər insan ağlı ilə nəfsinəqalib gəlib kamil olsa, onda mələkdən də ali olar. Çünki mələk bunun üçün əziyyət çəkmir. Amma deyəsən biz-insanlar heyvan yolunu tutmuşuq...
Qarşımda məktəbli bir qız oturub. Əynində qara saçları ilə uyğunlaşan qara gödəkçə və cins şalvar var. Çantası da ağ qara rəngdən və insan kəlləsi şəkillərindən ibarətdir. Qulaqlarında qulaqcıqlar mahnıya qulaq asır. (yeri gəlmişkən telefon modeli mənimki ilə eyni olduğunda ürəyimdən keçdi ki, kaş mənim də qulaqcıqlarım olardı) Hərdən başını qaldırıb ətrafdakı mənzərəyə baxır, ya da ağzındakı saqqızı aramla çeynəyir. Nədənsə ondan ətrafdakılara, yaxşısı budu öz adımdan danışım, mənə müsbət enerji gəlir. Üzündəki məsumluq məni gülümsəməyə məcbur edir. Əziz oxucu, əgər buranı oxuyanda beyninizdən “deyəsən xoşun gəlib ha” və ya “gərək nömrəsin alardın” ya da “bəlkə aşiq olmusan” və buna bənzər fikirlər keçdisə, dərhal oxumağı dayandırıb yuxarıdakı X işarəsini basmağı məsləhət görürəm, çünki siz onun yazılarını oxumağa layiq deyilsiniz. Düzünü desəm, bunu bir təhqir və ya təkəbbürlük əlaməti kimi ya da başqa bir mənada anlmağınız vecimə deyil. Xatırladım ki, hal-hazıda “o biri dünya”dasınız... Əgər bayaq sadaladığım mənasız və boş fikirlərin beyninizdən keçmədiyinə əminsinizsə, davam edə bilərsiniz... Davamı növbəti dəfə...

Oktyabr 2009

29 нояб. 2009 г.

Ürəyim döyünür...


Sevdiklərimi özümdən uzaqlaşdırıram son günlərdə. Artıq WMI-dən də çıxmışam. Ömrü boyu tək qalmaqdan qorxmuşam,amma sanki Şəhid artıq qorxularımdan bezib,məni əzab çəkməklə qorxularımı öldürməyə məcbur edir. Sevdiklərimin məni başa düşməməsi mənim üçün təəccüblü deyil. Bəlkə də çoxusu məni axmaq hesab edir. Amma Şəhid yox. Dünənki uzun mübahisəmizdə ona yalvardım ki,əl çəksin məndən. Ona dedim ki, sevdiklərim olmadan həyatım qaralar. Amma o acıqlı-acıqlı mənim üzümə baxıb dedi ki, yox, əzab çəkməyi öyrənə bilməsəm, daima qorxu və zibil içində yaşayacam. Amma onun dedikləri bəzən əksinə düşünməyi məcbur edir. Əzabların içində qovrulduqca həyata, ətrafımdakı hər şeyə olan marağımın azaldığını hiss edirəm. Uzun görünən aylardan sonra Şəhidin vəhşiləşməsi qəribə gəir mənə. Son zamanlarda telefonda qulaq asdığım əsas mahnı Xanın "Yalquzağ"ıdır. Oxuduğum kitab yenə "Yalquzaq"dır. Bəlkə də kitabın təsiridir. Əlbəttə insan faciəsindən bəhs edən kinoya baxanda gözləri dolan adamın daxili aləmdən bəhs edən kitabdan təsirlənməsi adi haldı. Amma axı kitabı hələ qurtarmamışam və bu əzablar kitabdan əvvəl başlayıb. Sadəcə daha çox əzab çəkirəm getdikcə, əvvəlki halıma qayıda bilmirəm. Bunun nə vaxt qurtaracağını da bilmirəm. Amma hələki ürəyim döyünür...

14 нояб. 2009 г.

Nifrət və Vicdan


Qaranlıq. Ətrafa çökmüş səssizlik. Sadəcə aramla gedib-gələn nəfəs. Və yuxuda danışan iki qardaş. Nifrət və Vicdan.
Nifrət: Bu insancığazlara nifrət edirəm, bunları lənətə gəlsin.
Vicdan: Allah onlara hidayət eləsin.
N: Həmişə əslində bilmədikləri şey haqqında danışırlar. Özlərini elə göstərirlər ki, guya bu mövzuda onlardan ağıllı yoxdu. Elə hey mübahisələrə girib düzgün olduq
larını sübut etməyə çalışırlar. Onlara nifrət edirəm. Onları görüm lənətə gəlsinlər.
V: Onlar düz eləmirlər. Allah onlara hidayət eləsin.
N: Onların qəlbi nifətlə o qədər dolub ki, bədənə yayılan xərçəng kimi, siqaretin çürütdüyü ağciyərlər kimi, hər gün acından ot yeyən acların mədəsi kimi iyrəncdir
lər. Onlar elə düşünürlər ki, hamı pisdir və həmişə nifrət etmək üçün pislik axtarır
lar. Özləri öz həyatlarında həmişə məqsəd güdüblər və qıraqdakıların da bunu etdik
lərini düşünürlər. Onlar öz nifrətlərilə öz hislərini öldürüblər. Onlara nifrət edirəm. Onları görüm lənətə gəlsin.
V: Onlar səhv yoldadırlar. Allah onlara rəhmət eləsin.
N: Televizoru qurdalayıb, hardasa əxlaqsız bir şey tapırlar. Sonra da bir gözləri te
levizorda, o biri gözləri otağın qapısında olur ki, birdən atam, anam, qardaşım ya da bacım içəri girib nəyə baxdığımı görər, biabır olaram, pərt olaram. Amma bu ya
zıqlar düşünmürlər ki, Allah onlara həmişə baxır və nə oyundan çıxdıqlarını həmi
şə görür. Onlar Allahı ancaq ehtiyacları olanda xatırlayırlar. Onlara nifrət edirəm. Onları görüm lənətə gəlsinlər.
V: Onlar səhv hərəkət edirlər. Allah onları haqqa gətirsin.
N: Onlara namaz qılmağı xatırladan da həmişə min cür bəhanə gətirirlər. Gah de
yirlər, istəyəndə qılacam. Amma heç vaxt istəməyə cəhd eləmirlər. Gah da deyir
lər, namaz mənlik deyil. Daha düşünən yoxdu ki, bu vacibdi. Ya da bir istəkləri olanda qılırlar, amma arzularına çatan kimi uzaqlaşırlar. Onlar düşünmürlər ki, bu həyat sadəcə imatahandır və imtahana hazırlaşmaq əvəzinə “avaraçılıq” edirlər. Onlara nifrət edirəm. Görüm, onlar min lənətə düçar olsunlar.
V: Onlar yaxşı eləmirlər. Allah onlara kömək olsun.
N: Onlar qızla fırlanmağı özlərinə şərəf sayırlar. Amma düşünmürlər ki, bu şərəf
sizlikdən başqa bir şey deyil. Onlar gəzdikləri oğlanların sayı ilə fəxr edirlər. Onlar 1 apreldə zarafat adı ilə onları həqiqətən sevən insanlara yalandan qarşılıq verirlər. Sonra da bunun zarafat olduğunu deyib qəhqəhə ilə gülürlər. Qarşındakının keçirə biləcəyi hisləri fikirləşmədən, veclərinə almadan. Halbuki 1 aprel yalanın, 2 aprel oğurluğun qanuniləşdiyi və hamı tərəfindən adi baxıldığı günlərdir. Onlara nifrət edirəm. Onlar Allahın qəzəbinə düçar olsunlar.
V: Onlar yollarını azıblar. Allah onlara düzgün yol göstərsin.
N: Onların dedikləri hər cümlədə söyüş var. Və daha çox işlətməyə çalışırlar. Yanlarında hörmətli adam olanda söydükləri söyüşə görə üzr istəyirlər. Amma buna görə Allahdan əhv diləmək ağıllarının ucundan belə keçmir. Onlar başqaları
nın namusuna söz atmağa utanmırlar. Yeri gələndə isə qeyrətdən dəm vurur, zor görünmək üçün qeyrət söhbətlərinə girişirlər. Onlar zina etmiş qadına pozğun, eyni qələti etmiş kişiyə isə “KİŞİ” deyirlər. Dayı bacıoğluna “kişi olmağın yolları”nı öyrədir: Söyüş, içki, zinaya getmək və s. Onlar haramla duanı qatışdırmağı da kəşf ediblər. Araqla birlikdə dua edirlər. Onlara nifrət edirəm. Allah onlara cəhənnəm əzabı əta eləsin.
V: Onlar insanlıqdan çıxıblar. Allah onları bağışlanmadan bu dünyadan aparma
sın.
N: Əziz qardaşım, nədənsə bu zavallılar üçün Allahdan rəhm diləyirsən.
V: Allah bağışlayandır.
N: Yox, Allah onlara çox şans verib. Daha bəsdir!!!
V: Sus, qardaşım. Sən Allah deyilsən. Allah bağışlayandır... Ba..ğış...layan...DIR.
İnsan yuxudan ayılır. Dodaqlarında səssiz tərpəniş:
-“Bağışlayandır”, “bağışlayandır”

Tənha Şəhid



Bir siqaretin manifesti


Qara kapüşonlu gənc uzaq bir yerdə atılmış xarabadan çıxıb maşının arxa qapısını açdı. İçəriyə keçib sürücüyə sürməyi işarə etdi. Son üç gündə ata və oğula etdiklərini fikirləşməyə başladı. Əli ilə başını tutdu, bu günlər ağzına siqaret almamışdı. Dodaqları büzüşmüşdü. Əlini cibinə atıb qutunu götürdü. Bir siqaret çıxarıb yandırdı. İlk qullabı alan kimi gözü qaraldı, qəribə bir qüvvə gözlərini yummağa məcbur etdi. Bir-iki dəqiqə gözü yumulu vəziyyətdə oturdu. Gözlərini açanda təəccübləndi. Bayaq əlində olan siqaret dənəciyi indi stolun üstündə dimdik dayanmışdı. Qabağa əyilib onu götürmək istədi. Amma birdən dənəcik qırağa sıçradı:
- Bir az gözlə, sənə deyəcəklərim var, zavallı insancığaz... Yox, bağışla, siz axı başqalarına belə deyirsiz. Gəl, belə edək. Mən sənə hostçucığaz deyim. Həə, necədi? Xoşuna gəldi?
Gəncin gözləri bərəldi. “Bu nədir, məni qara basır” deyə fikirləşdi. Gözlərini ovuşdurdu, bir də baxdı, amma səhnə dəyişmədi. Siqaret dənəciyi canlanmışdı və indi düz onun qabağında sağa-sola addımlayırdı.
- Bilirsən sənin kimiləri bu dünyada çoxdu. Siz gör necə yazıq məxluqlarsız ki, özünüz icad etdiyiniz, 6x0,2 ölçüdə kağıza bükülmüş ota əsir olmusunuz. Bəziləriniz deyir ki, lənətə gəlsin bu amerika hindularını. Onlar olmasaydı, indi insanlar siqaretin nə olduğunu bilməyəcəkdilər. İlk baxışdan mənalı qarğışdı. Amma inan mənə, biz olmasaydıq belə siz bədbəxtlər dalını ağzınıza alıb soraraq tüstüsünü göyə buraxa biləcəyiniz bir şey tapıb icad edərdiniz. Siz insanlardan bizi çəkməyə görə ən çox üç bəhanə eşitmişəm. Birincisi bəzilərinizin dediyi: “Ala, cavanlıqdı daa” və ya “Kişilikdi dəə” kimi boş və mənasız ölçmə şkalası... İkincisi deyir problemim var, dərd çəkirəm ... Guya dərdi olan adam yoxdu bu dünyada...Xa-xa-xa.. Üçüncüsü isə deyir...
Qara kapüşonlu dodaqları titrəyə dənəciyin sözünü kəsdi:
- Mən səndən asılı deyiləm. Mən... mən elə-belə çəkirəm, istədiyim vaxt tərgidərəm...
- Ay sağ ol. Sözümü dilimdə tutdun. Onda mən sənə belə cavab verim, ay zırt, tərgitdin... O ləzzət ki sənin qanına hopub, onu sən heç vaxt unutmayacaqsan... He-he-he... Bir az bundan qabaq o oğlanla kişinin başına açdığı oyunu xatırlayırsan... İndi sənin də gözlərin onunku kimi qıpqırmızı olub, əsəblərin gərilib. Qəribədir, görəsən nədəndir?... Siz hostçular cəmiyyətdəki pisliklərlə müharibə aparırsınız, amma öz içinizdəki müharibəni hələ udmamısınız...
- Ay sənin ... Əl çək məndən!!!
- O-o-o-o, söyüş söymək niyə? Heç Allah ordusunun əsgəri söyüş söyər... Hə, Allah ordusu... Ha-ha-ha-ha... Allahın səni güldürsün... HOSTÇUCIĞAZ!!!
Qara kapüşonlunun əlləri titrəyirdi, özünü toplaya bilmirdi, daxildən gələn soyuq
dan tir-tir əsirdi. Sanki bu dəqiqə gözləri yerindən çıxacaqdı. Son gücünü toplayıb əlini siqaretə uzatdı. Siqaretə yaxınlaşdıqca ürəyini qəribə həyəcan basdı. Dənəciyə çatanda onu şiddətli öskürək tutdu və qan tüpürməyə başladı.
- AAAAAAAAAAAAAAAAA- deyə bağırdı. Öz səsinə özü oyandı. “Yaxşı ki, həqiqət yox, yuxu idi”-deyə düşündü. Amma nəsə qaydasında deyildi. O qərargah
da tibb otağında yataqda uzanmışdı. Bura necə gəldiyini xatırlaya bilmədi. Qarşı
sına qanlı tüpürcəklə dolu qab qoyulmuşdu. “Bu iyrənc qabı bura kim qoyub?” deyə düşündü. Amma içdən gələn qanlı öskürək sualına cavab oldu... O vərəm idi.
Tənha şəhid və Amir

13 нояб. 2009 г.

Allaha qısa dua...


Allahla baş-başa qalmaq. Mən bunu bacarmadım. İnsanlardan uzaq durmağı bacardım, amma sevdiklərimdən uzaq qala bilmədim. Daima onların nəfəsini üzərimdə hiss elədim, rahatlandım, bu anlarda xoşbəxt oldum. Amma onlar olmayanda sıxıldım, darıxdım, təklik məni dəli elədi. Heç Allahım yadıma düşmədi, heç anlamadım ki, O həmişə mənim yanımdadı. Hamı məni atıb getsə də, O heç vaxt getməz, məni atmaz, məni unutmaz. Amma artıq yetər. Mən də Onu sevəcəm. Ona görə yox ki, balacalıqdan əvvəl anam, sonralar kitablar öyrətdi ki, Allahın adını həmişə böyüklə yazmaq lazımdı. Ona görə yox ki, ömür boyu Allahın öz barmaqları ilə gözümü tökəcəyindən qorxmağa öyrədiblər. Ona görə ki, günahdan, pislikdən, nifrətdən uzaqlaşanda Allahın barmaqlarından yox, Ona olan sevgimdən qorxum. Öz gözlərimin yox, sevgimin qayğısına qalım. Bunun üçün birinci onu sevməyə çalışmalıyam, Ona olan sevgimi gücləndirməliyəm, ürəkdən şükür etməyi öyrənməliyəm, tək qalmağı, daha doğrusu Allahımla baş-başa qalmağı öyrənməliyəm... Ya Allah, vaxt gələcək, daha doğrusu mən gələcəm ki, ölmədən şəhidliyə çatacam və uşaqlıqdan əsl məğzini tam anlamasam da arzuladığım kimi şəhid olacam. Ona görə yox ki, cənnət adlanan yerə gedim, oranın olub-olmamasının mənim üçün fərqi yoxdu. Ona görə ki... eh, nə isə. Son cümləni və ümumiyyətlə bunu niyə yazdığımı anlamıram,onsuz da artıq bunları bilirsən...