29 нояб. 2009 г.

Ürəyim döyünür...


Sevdiklərimi özümdən uzaqlaşdırıram son günlərdə. Artıq WMI-dən də çıxmışam. Ömrü boyu tək qalmaqdan qorxmuşam,amma sanki Şəhid artıq qorxularımdan bezib,məni əzab çəkməklə qorxularımı öldürməyə məcbur edir. Sevdiklərimin məni başa düşməməsi mənim üçün təəccüblü deyil. Bəlkə də çoxusu məni axmaq hesab edir. Amma Şəhid yox. Dünənki uzun mübahisəmizdə ona yalvardım ki,əl çəksin məndən. Ona dedim ki, sevdiklərim olmadan həyatım qaralar. Amma o acıqlı-acıqlı mənim üzümə baxıb dedi ki, yox, əzab çəkməyi öyrənə bilməsəm, daima qorxu və zibil içində yaşayacam. Amma onun dedikləri bəzən əksinə düşünməyi məcbur edir. Əzabların içində qovrulduqca həyata, ətrafımdakı hər şeyə olan marağımın azaldığını hiss edirəm. Uzun görünən aylardan sonra Şəhidin vəhşiləşməsi qəribə gəir mənə. Son zamanlarda telefonda qulaq asdığım əsas mahnı Xanın "Yalquzağ"ıdır. Oxuduğum kitab yenə "Yalquzaq"dır. Bəlkə də kitabın təsiridir. Əlbəttə insan faciəsindən bəhs edən kinoya baxanda gözləri dolan adamın daxili aləmdən bəhs edən kitabdan təsirlənməsi adi haldı. Amma axı kitabı hələ qurtarmamışam və bu əzablar kitabdan əvvəl başlayıb. Sadəcə daha çox əzab çəkirəm getdikcə, əvvəlki halıma qayıda bilmirəm. Bunun nə vaxt qurtaracağını da bilmirəm. Amma hələki ürəyim döyünür...

14 нояб. 2009 г.

Nifrət və Vicdan


Qaranlıq. Ətrafa çökmüş səssizlik. Sadəcə aramla gedib-gələn nəfəs. Və yuxuda danışan iki qardaş. Nifrət və Vicdan.
Nifrət: Bu insancığazlara nifrət edirəm, bunları lənətə gəlsin.
Vicdan: Allah onlara hidayət eləsin.
N: Həmişə əslində bilmədikləri şey haqqında danışırlar. Özlərini elə göstərirlər ki, guya bu mövzuda onlardan ağıllı yoxdu. Elə hey mübahisələrə girib düzgün olduq
larını sübut etməyə çalışırlar. Onlara nifrət edirəm. Onları görüm lənətə gəlsinlər.
V: Onlar düz eləmirlər. Allah onlara hidayət eləsin.
N: Onların qəlbi nifətlə o qədər dolub ki, bədənə yayılan xərçəng kimi, siqaretin çürütdüyü ağciyərlər kimi, hər gün acından ot yeyən acların mədəsi kimi iyrəncdir
lər. Onlar elə düşünürlər ki, hamı pisdir və həmişə nifrət etmək üçün pislik axtarır
lar. Özləri öz həyatlarında həmişə məqsəd güdüblər və qıraqdakıların da bunu etdik
lərini düşünürlər. Onlar öz nifrətlərilə öz hislərini öldürüblər. Onlara nifrət edirəm. Onları görüm lənətə gəlsin.
V: Onlar səhv yoldadırlar. Allah onlara rəhmət eləsin.
N: Televizoru qurdalayıb, hardasa əxlaqsız bir şey tapırlar. Sonra da bir gözləri te
levizorda, o biri gözləri otağın qapısında olur ki, birdən atam, anam, qardaşım ya da bacım içəri girib nəyə baxdığımı görər, biabır olaram, pərt olaram. Amma bu ya
zıqlar düşünmürlər ki, Allah onlara həmişə baxır və nə oyundan çıxdıqlarını həmi
şə görür. Onlar Allahı ancaq ehtiyacları olanda xatırlayırlar. Onlara nifrət edirəm. Onları görüm lənətə gəlsinlər.
V: Onlar səhv hərəkət edirlər. Allah onları haqqa gətirsin.
N: Onlara namaz qılmağı xatırladan da həmişə min cür bəhanə gətirirlər. Gah de
yirlər, istəyəndə qılacam. Amma heç vaxt istəməyə cəhd eləmirlər. Gah da deyir
lər, namaz mənlik deyil. Daha düşünən yoxdu ki, bu vacibdi. Ya da bir istəkləri olanda qılırlar, amma arzularına çatan kimi uzaqlaşırlar. Onlar düşünmürlər ki, bu həyat sadəcə imatahandır və imtahana hazırlaşmaq əvəzinə “avaraçılıq” edirlər. Onlara nifrət edirəm. Görüm, onlar min lənətə düçar olsunlar.
V: Onlar yaxşı eləmirlər. Allah onlara kömək olsun.
N: Onlar qızla fırlanmağı özlərinə şərəf sayırlar. Amma düşünmürlər ki, bu şərəf
sizlikdən başqa bir şey deyil. Onlar gəzdikləri oğlanların sayı ilə fəxr edirlər. Onlar 1 apreldə zarafat adı ilə onları həqiqətən sevən insanlara yalandan qarşılıq verirlər. Sonra da bunun zarafat olduğunu deyib qəhqəhə ilə gülürlər. Qarşındakının keçirə biləcəyi hisləri fikirləşmədən, veclərinə almadan. Halbuki 1 aprel yalanın, 2 aprel oğurluğun qanuniləşdiyi və hamı tərəfindən adi baxıldığı günlərdir. Onlara nifrət edirəm. Onlar Allahın qəzəbinə düçar olsunlar.
V: Onlar yollarını azıblar. Allah onlara düzgün yol göstərsin.
N: Onların dedikləri hər cümlədə söyüş var. Və daha çox işlətməyə çalışırlar. Yanlarında hörmətli adam olanda söydükləri söyüşə görə üzr istəyirlər. Amma buna görə Allahdan əhv diləmək ağıllarının ucundan belə keçmir. Onlar başqaları
nın namusuna söz atmağa utanmırlar. Yeri gələndə isə qeyrətdən dəm vurur, zor görünmək üçün qeyrət söhbətlərinə girişirlər. Onlar zina etmiş qadına pozğun, eyni qələti etmiş kişiyə isə “KİŞİ” deyirlər. Dayı bacıoğluna “kişi olmağın yolları”nı öyrədir: Söyüş, içki, zinaya getmək və s. Onlar haramla duanı qatışdırmağı da kəşf ediblər. Araqla birlikdə dua edirlər. Onlara nifrət edirəm. Allah onlara cəhənnəm əzabı əta eləsin.
V: Onlar insanlıqdan çıxıblar. Allah onları bağışlanmadan bu dünyadan aparma
sın.
N: Əziz qardaşım, nədənsə bu zavallılar üçün Allahdan rəhm diləyirsən.
V: Allah bağışlayandır.
N: Yox, Allah onlara çox şans verib. Daha bəsdir!!!
V: Sus, qardaşım. Sən Allah deyilsən. Allah bağışlayandır... Ba..ğış...layan...DIR.
İnsan yuxudan ayılır. Dodaqlarında səssiz tərpəniş:
-“Bağışlayandır”, “bağışlayandır”

Tənha Şəhid



Bir siqaretin manifesti


Qara kapüşonlu gənc uzaq bir yerdə atılmış xarabadan çıxıb maşının arxa qapısını açdı. İçəriyə keçib sürücüyə sürməyi işarə etdi. Son üç gündə ata və oğula etdiklərini fikirləşməyə başladı. Əli ilə başını tutdu, bu günlər ağzına siqaret almamışdı. Dodaqları büzüşmüşdü. Əlini cibinə atıb qutunu götürdü. Bir siqaret çıxarıb yandırdı. İlk qullabı alan kimi gözü qaraldı, qəribə bir qüvvə gözlərini yummağa məcbur etdi. Bir-iki dəqiqə gözü yumulu vəziyyətdə oturdu. Gözlərini açanda təəccübləndi. Bayaq əlində olan siqaret dənəciyi indi stolun üstündə dimdik dayanmışdı. Qabağa əyilib onu götürmək istədi. Amma birdən dənəcik qırağa sıçradı:
- Bir az gözlə, sənə deyəcəklərim var, zavallı insancığaz... Yox, bağışla, siz axı başqalarına belə deyirsiz. Gəl, belə edək. Mən sənə hostçucığaz deyim. Həə, necədi? Xoşuna gəldi?
Gəncin gözləri bərəldi. “Bu nədir, məni qara basır” deyə fikirləşdi. Gözlərini ovuşdurdu, bir də baxdı, amma səhnə dəyişmədi. Siqaret dənəciyi canlanmışdı və indi düz onun qabağında sağa-sola addımlayırdı.
- Bilirsən sənin kimiləri bu dünyada çoxdu. Siz gör necə yazıq məxluqlarsız ki, özünüz icad etdiyiniz, 6x0,2 ölçüdə kağıza bükülmüş ota əsir olmusunuz. Bəziləriniz deyir ki, lənətə gəlsin bu amerika hindularını. Onlar olmasaydı, indi insanlar siqaretin nə olduğunu bilməyəcəkdilər. İlk baxışdan mənalı qarğışdı. Amma inan mənə, biz olmasaydıq belə siz bədbəxtlər dalını ağzınıza alıb soraraq tüstüsünü göyə buraxa biləcəyiniz bir şey tapıb icad edərdiniz. Siz insanlardan bizi çəkməyə görə ən çox üç bəhanə eşitmişəm. Birincisi bəzilərinizin dediyi: “Ala, cavanlıqdı daa” və ya “Kişilikdi dəə” kimi boş və mənasız ölçmə şkalası... İkincisi deyir problemim var, dərd çəkirəm ... Guya dərdi olan adam yoxdu bu dünyada...Xa-xa-xa.. Üçüncüsü isə deyir...
Qara kapüşonlu dodaqları titrəyə dənəciyin sözünü kəsdi:
- Mən səndən asılı deyiləm. Mən... mən elə-belə çəkirəm, istədiyim vaxt tərgidərəm...
- Ay sağ ol. Sözümü dilimdə tutdun. Onda mən sənə belə cavab verim, ay zırt, tərgitdin... O ləzzət ki sənin qanına hopub, onu sən heç vaxt unutmayacaqsan... He-he-he... Bir az bundan qabaq o oğlanla kişinin başına açdığı oyunu xatırlayırsan... İndi sənin də gözlərin onunku kimi qıpqırmızı olub, əsəblərin gərilib. Qəribədir, görəsən nədəndir?... Siz hostçular cəmiyyətdəki pisliklərlə müharibə aparırsınız, amma öz içinizdəki müharibəni hələ udmamısınız...
- Ay sənin ... Əl çək məndən!!!
- O-o-o-o, söyüş söymək niyə? Heç Allah ordusunun əsgəri söyüş söyər... Hə, Allah ordusu... Ha-ha-ha-ha... Allahın səni güldürsün... HOSTÇUCIĞAZ!!!
Qara kapüşonlunun əlləri titrəyirdi, özünü toplaya bilmirdi, daxildən gələn soyuq
dan tir-tir əsirdi. Sanki bu dəqiqə gözləri yerindən çıxacaqdı. Son gücünü toplayıb əlini siqaretə uzatdı. Siqaretə yaxınlaşdıqca ürəyini qəribə həyəcan basdı. Dənəciyə çatanda onu şiddətli öskürək tutdu və qan tüpürməyə başladı.
- AAAAAAAAAAAAAAAAA- deyə bağırdı. Öz səsinə özü oyandı. “Yaxşı ki, həqiqət yox, yuxu idi”-deyə düşündü. Amma nəsə qaydasında deyildi. O qərargah
da tibb otağında yataqda uzanmışdı. Bura necə gəldiyini xatırlaya bilmədi. Qarşı
sına qanlı tüpürcəklə dolu qab qoyulmuşdu. “Bu iyrənc qabı bura kim qoyub?” deyə düşündü. Amma içdən gələn qanlı öskürək sualına cavab oldu... O vərəm idi.
Tənha şəhid və Amir

13 нояб. 2009 г.

Allaha qısa dua...


Allahla baş-başa qalmaq. Mən bunu bacarmadım. İnsanlardan uzaq durmağı bacardım, amma sevdiklərimdən uzaq qala bilmədim. Daima onların nəfəsini üzərimdə hiss elədim, rahatlandım, bu anlarda xoşbəxt oldum. Amma onlar olmayanda sıxıldım, darıxdım, təklik məni dəli elədi. Heç Allahım yadıma düşmədi, heç anlamadım ki, O həmişə mənim yanımdadı. Hamı məni atıb getsə də, O heç vaxt getməz, məni atmaz, məni unutmaz. Amma artıq yetər. Mən də Onu sevəcəm. Ona görə yox ki, balacalıqdan əvvəl anam, sonralar kitablar öyrətdi ki, Allahın adını həmişə böyüklə yazmaq lazımdı. Ona görə yox ki, ömür boyu Allahın öz barmaqları ilə gözümü tökəcəyindən qorxmağa öyrədiblər. Ona görə ki, günahdan, pislikdən, nifrətdən uzaqlaşanda Allahın barmaqlarından yox, Ona olan sevgimdən qorxum. Öz gözlərimin yox, sevgimin qayğısına qalım. Bunun üçün birinci onu sevməyə çalışmalıyam, Ona olan sevgimi gücləndirməliyəm, ürəkdən şükür etməyi öyrənməliyəm, tək qalmağı, daha doğrusu Allahımla baş-başa qalmağı öyrənməliyəm... Ya Allah, vaxt gələcək, daha doğrusu mən gələcəm ki, ölmədən şəhidliyə çatacam və uşaqlıqdan əsl məğzini tam anlamasam da arzuladığım kimi şəhid olacam. Ona görə yox ki, cənnət adlanan yerə gedim, oranın olub-olmamasının mənim üçün fərqi yoxdu. Ona görə ki... eh, nə isə. Son cümləni və ümumiyyətlə bunu niyə yazdığımı anlamıram,onsuz da artıq bunları bilirsən...

8 нояб. 2009 г.

Dəniz və Gənc


Artıq bu əzablar qəlbini və beynini yormuşdu. Dərdini bölmek ve baş-başa qalmaq üçün bir yer vəya bir nəfər axtarırdı. Uzaqdan bir dəniz gördü. Əvvəl onun dəniz olduğuna inanmadı. Çünki çox “dənizlərə” rast gəlmişdi. Amma yaxınlaşıb baxanda onların sadece yağış yağanda suları çoxalan bataqlıq olduğunu görmüşdü. Bunun çoxdan axtardığı dəniz olduğunu sanıb yanına getdi. Sahilində oturub ona baxmağa başladı. Dəniz bir qız kimi necə də gözəl görünürdu. İlahi, bu qızı o ömrü boyu seyr edə bilərdi. Bundan sonra her gün denizin sahilinə gəlib onu seyr edirdi. Bu sakit baxışlar uzun müddet davam etdi. Bütün əzablarını unudub ancaq dənizə baxirdi. Amma birdən bir səs ona mane oldu. Kimsə yerdən götürdüyü daşlarla onun dənizini daşlayırdı. İstedi onun qarşısını alsın, desin ki, mənim dənizimi daşlama. Amma haqqı yox idi, Kimsə bu sahilə ondan çox əvvəl gəlmişdi. Dəniz də onu qəbul eləmişdi. Niyə Kimsə belə gözəli daşlayırdı? Bunu anlaya bilmədi. Bəlkə bununla öz sevgisini vəya nifrətini bildirmək isteyirdi. Amma onun bunu bilmeye de haqqı yox idi. O getməli idi. Bu onun yox, Kimsənin dənizi idi. Dənizə sonuncu dəfə baxıb: Mən səni sevirəm, - deye picildadi. Amma Kimsenin atdığı daşlardan yaranan dalgaların sesi dənizə bu sözləri eşitməyə mane oldu. Dəniz sadəcə neçə vaxtdır onun yanına gəlib onu seyr edən bu gəncin getdiyini görüb şiddətlə özünü qayalara çırpmağa başladı. Gənc “Çalış bataqlıq olma, Gözel qız – dəniz” deye pıçıldadı. Deyəsən dəniz bu pıçıltını eşitdi. Dəniz gənc qaranlıqda itənə qədər onun arxasınca baxdı. Gənc bundan sonra onun yanına getmir. Amma özünə başqa dəniz də axtarmır. Çünki bu ona yetərli oldu. Dəniz artıq onun qəlbində öz yerini tutmuşdu. Bəlkə nə vaxtsa bu dəniz də bataqlığa çevriləcəkdi. Amma yəqin həmin nə vaxt ancaq ölümdən sonra olar…

Şəhidin cənnətdən məktubu



Salam, sevgilim. Bağışla, deyəsən yenə səhv dedim. Salam, sevdiyim. Bu sözləri nə qədər çalışsam da üzünə deyə bilmədim. Sən mənə nifrət etmədin, əksinə mənim əzablarım davam etdi. Heç yerdə rahatlıq tapa bilmədim. Əvvəl belə olanda həmişə anama sarılardım. Onun isti ağuşu mənim cənnətim idi. Amma nədənsə sonradan cənnətim mənimlə olmadı. Adəmlə Həvvadan fərqli olaraq mən cənnətdən qovulacaq günah etmədim. Sadəcə cənnətim özü məndən həmişəlik uzaqlaşdı. Anamın qəbri üstündə ağladım çoxlu, amma o qayıtmadı. Molla əmi mənə dedi ki, öz balasını halallıq içində böyüdən, onu canından çox sevən analar cənnətə gedirlər. Anam özü cənnətini tapsa da, mənim cənnətimi əlimdən aldı. Atam sərxoşluqdan mənim üzümü də xatırlamırdı. Hər şeydən əlimi üzüb intiharımın son dəqiqəsində sən gəldin. Xatırlayırsanmı, o sakit dənizi. O dənizi ki, mənim kəfənim və qəbrim olmalı idi. Amma sən məni o qəbirdən çıxartmışdın. Sən mənim üçün hər şey idin. Mənsə sadəcə sənin ən yaxın dostun. Müharibə başlayanda məni cəbhəyə yola saldığın gün yadındadırmı? Bax, o gün bütün gecəni sənə necə sevdiyimi söyləmək haqqında düşündüm. Səni görəndə isə həyəcandan nə deyəcəyimi unutdum. Gözlərindən düşən hər damla yaş mənim üçün cəhənnəm əzabı idi. Məni sevdiyim yola salırdı cəbhəyə. Sən isə sadəcə ən yaxın dostun üçün ağlayırdın. İstədim sənin əllərindən tutub, gözəl gözlərinin içinə baxıb səni sevdiyimi söyləyim. Amma edə bilmədim. Son döyüşümdə düşmən gülləsinə necə tuş gəlməyim yadımda deyil. Bircə onu xatırlayıram ki, yaralı döyüş yoldaşımı güllə yağışından çıxartmaq istəyirdim. Uzun sürən ağrılardan sonra ürəyimin döyüntüsü kəsildi. Amma əsl əzablar hələ qabaqda idi. Çünki cəhənnəmə düşmüşdüm. Bir dəfə dükandan elədiyim oğurluğa görə əllərim dibindən balta ilə kəsilir, sonra yenidən əmələ gəlirdi. Şükür ki, Allah məni cənnətə layiq gördü. İndi iki qat cənnətdəyəm, çünki anam da yanımdadı. Amma yenə də tənhayam. Sən yanımda yoxsan. Sevdiyim, çalış Allahını tanı ki, bəlkə Tanrımın sənə rəhmi gələr. Mənə də. Bilirəm, yeri deyil, amma bunu sənə sağ olanda deyə bilməmişəm. MƏN SƏNİ SEVİRƏM. Sənin gözəl gözlərini cəhənnəmin alovunda yox, cənnətin nurunda görmək ümidilə...
Səni sevən...
Tənha Şəhid

Nəfs qəbirstanlığı


Tamilla və İsmayıl uzun müddətdir piyada getdiklərindən yorğunluq hiss etməyə başlamışdılar. Amma görünür getdikləri yer onlar üçün əhəmiyyət kəsb edirdi. Yol həddən artıq daş-kəsəkli idi, günəş qürub etdiyindən ayaqlarının altını güclə görürdülər. İsmayıl tez-tez getsə də, Tamilla ona çatmaqda çətinlik çəkirdi. Sevgilisinin geriyə qaldığını görən İsmayıl ona qolundan yapışmasını işarə etdi. Xeyli müddət belə addımladıqdan sonra bir təpənin üstünə çatdılar. Təpənin digər yamacında böyük bir qəbirstanlıq yerləşirdi. Qəbirstanlığın qəribə görünüşü var idi. Qəbirlər bir-birinə elə sıx yerləşdirilmişdi ki, onların arasından keçmək üçün mütləq bir neçə qəbri tapdalamaq lazım idi. Qəribəliyin bir göstəricidi də o idi ki, qəbirlərin üstündə ad yazılsa da, doğum və ölüm tarixi yazılmamışdı. Heç bir gül, heç bir çələng, heç bir şəkil, heç bir sinədaşı yox idi. Ancaq və ancaq baş daşı, başqa heç nə. Baş daşlarının ikisində Tamillanın və İsmayılın adı da vardı. Onlar xortlamış ölü idilər???... Girişdə belə bir yazı yazılmışdı: “Müharibəsi özünə qarşı olanların Nəfs qəbirstanlığı”. Oğlan və qız gördükləri mənzərədən dəhşətə gəl
mişdilər. Amma onların təəccübü yuxarıda sadalanan qəribəliklərdən deyildi. Çünki onlar bu qəbirstanlığın yaradıcılarından idilər. Əvvəlcə İsmayıl, ardınca Tamilla H.O.S.Ta qoşulduqdan sonra öz nəfsi üzərində qələbə çalan hostçular bura gəlib, bir-birinin gözü qarşısında öz nəfslərini basdırmışdılar. Hərənin adı öz nəfsinin baş daşı üzərinə yazılmışdı... İndi isə qəbirlərin əksəriyyəti açılmışdı. Toxunulmamış qəbirsayı barmaqla sayılacaq qədər idi. İsmayıl qabaqda, Tamilla onu arxasınca ehtiyatla yamaca endilər. Axı bu necə ola bilərdi? Uzun müddət mübarizədən sonra qurduqları bu cəmiyyət də boş çıxdı??? Tamilla bu mənzərəni gördükcə kövrəlirdi. İsmayılın ürəyi dözmədi:
- Ağlama, sevgilim, görürsən hələ qazılmamış qəbirlər var... Deməli bu yola birlikdə çıxdığımız dostlarımız hələ...
Yaxınlıqdan gələn tappıltı İsmayılın sözünü kəsdi. Deyəsən kimsə qəbir qazırdı. Qazanın kim olduğunu görəndə oğlan və qız təəccübdən özlərini itirdilər. Qəbir qazan da onları görəndə əlini saxladı. Bu oğlan cütlüklə eyni vaxta HOSTa qoşulmuş və onların ən yaxşı dostu olan Sənan idi.
- S..ə..nan, sən nə edirsən?
- Hə, sizsiz... Xoş gəlmisiniz... Mən də nəfsim üçün darıxmışdım. Gəldim ona bir baş çəkim... He-he-he
- Bəs bizim məqsədimiz? Sən özün öz əqidəni ayaqlar altına atırsan? Axı sənə nolub?
- Eeehhh... Qoy qırağa bu söhbətləri. Bu qəbirləri görürsən? Bunların hamısını bi
zim güvəndiyimiz insanlar söküb... Mən də fikirləşdim ki, onlar belə edirlərsə, mən niyə...
Sənan sözünü bitirməmiş axırıncı zərbəni qəbrin üstünə endirdi. Qəbir açılan kimi Sənanın bədəninə soyuqluq çökdü, gözlərini yumdu. Açanda isə gözünün qarası ağından seçilmirdi. Sanki vəhşiləşmiş bir heyvan kimi kənara sıçrayıb qaçdı və qaranlıqda gözdən itdi. Tamilla artıq dəhşətdən o qədər ağlamışdı ki, hicabı və paltarının yaxası islanmışdı. İsmayılın əsəbdən bədəni titrəyirdi. Yumruğunu qüvvətlə sı
xaraq:
- Ağlama, Tamilla... Deyirəm sənə ağlama... Satqınlar... Öz nəfsləri üçün qiyamət günü elan etdilər. Çox cəmiyyətə qarşı mübarizə apardıq, indi növbə özümüzə qarşı mübarizəyə başlamaqdı. Artıq bu ölülər içərisində sağ qalanlar ancaq bizik. Qorxma, Allah bizimlədir. Bu hələ sonun başlanğıcıdır...

Tənha şəhid



Sadə gələcək-İlk addımlarım


Sakit bir səhər... Şəhərdən çox uzaq bir meşədə unudulmuş amma hələ də insan hənirtisi gələn daxma... Günəşin ilk şəfəqləri və körpə qığıltısı... Burda bir ailə yaşayır. Cəmiyyətin iyrəncliklərindən bezən və öz kiçik ailəsini qorumağa çalışan Ata. Öz əri ilə həmfikir olan və həmişə ona dayaq olan Ana. Və..və bir də balaca, “həyatın gözəllikləri”ni görməmiş Körpə... Ata ucu-bucağı görünməyən meşəyə baxaraq yenə də dərin fikrə dalmışdı. Onun gözləri mənalı və yorğun görünürdü. Heç otuz beş yaşı tamam deyildi, artıq saçına dən düşmüşdü. Bir anlığa öz həyatı gözünün qabağından keçdi. Həmişə ehtiyac içində keçən uşaqlıq, ətrafındakı hər şeyin göründüyü kimi olmadığını başa düşdüyü yeniyetməlik və bu dövrdə mənəvi saflıq tapdığı HOST... Ağaclardan birində budaqdan-budağa tullanan sərçələr Atanın fikrini cəlb elədi. Bir sərçə öz yuvasındakı kürt yatan dişisini digər sərçələrdən qorumağa çalışırdı. Amma digər sərçələr nədənsə onları əhatəyə alaraq imkan düşdükcə hücum edib dimdikləyirdilər. Sonda ata və ana sərçə öz yuvalarını qoyub uçub getməyə məcbur oldular. Bu hadisə Ataya başına gələn müsibəti xatırlatdı...

-...... Vəliyəv kimdi?
-Mənəm.
-Tebrik edirem oğlunuz oldu.
-Çox sağ olun, sizi şad xəbər olasınız.....
Bir müddət fasilədən sonra....Ata:
-Bağışlayın yenə nəsə demək istəyirsiz?
-Yooox, bəs muştuluq vermirsiz?
Ata əlini cibinə atır, cəmi bir beş manatlıq var.
-Xanım, cibimdə olanım budu, bəs edər???
Tibb bacısının üzündəki təbəssümü narazılıq əvəz edir. “Bu boyda kişinin cibində düzgün pul da yoxdu” deyə-deyə uzaqlaşır.(Elə bil pul kişiliyə zada baxır)
Ananı və Atanı saxta gülüşlərlə xəstəxanadan yola salırlar. Həyətdə qaraçı dilənçilər onları qarşılayır.
-Ay bala, sən bu gözəl gəlinin canına, sən bu gözəl körpənin canına bir nəzir ver....
Ata əsəbləşir:
-Siz bizə nifrət edə-edə nə təhər pul istəyirsiniz?!!
Qaraçılar biri o birisinə pıçıldayır:
-Deyəsən köhnə HOSTçulardandı...eeehhhh. Başlayacaq yenə ağıl öyrətməyə....uufff
Ata özünü ələ alaraq Ananın qolundan tutub çıxışa doğru addımlayır.Yeni ana olmuş arvadına rahat olsun deyə Ata onu evə taksi ilə aparmağı qərara alır. Xəstəxana qabağında dayanan taksiyə minirlər:
-Xahiş edirəm, Qara Qarayev 68 ünvanına...
-Baş üstə....
Evə çatırlar.
-Borcum nə qədər olacaq?
-5 manat...hehehe
-Nə qədər??? Axı biz cəmi 2 km yol getmişik.
-A kişi, sən nə təhər adamsan...Axı sənin təzəcə oğlun olub, bəs şirinlik vermirsən? Şirinlik ver ki, Uşaq yaxşı, Atalı-Analı böyüsün...hehehe
Evə gəldikdən sonra, dost-tanış hamısı tökülüşüb gəlir...
-Oooo, nə yaxşı oldu....Yemək-içmək nə vaxt olacaq?
-Şirinlik vermək vacibdi, yoxsa Uşaq sağlam böyüməz axı....Həm də yekə kişisən sonra camaat nə deyər? Oğlu oldu amma bir dənə “yüngülvari qonaqlıq” da vermədi.( Yüngülvari qonaqlıq təqribən 200 manat tutur. Atanın aylıq maaşı isə cəmi 110 manat idi...)
-BƏSDİİİİİ!!!! Yetər, alçaqlar!!!! Bizi rahat buraxın, budurmu sizin dostluğunuz, qohumluğunuz....Niyə soruşmursuz belə kasıbçılığın içində necə xəstəxana borclarını ödədik? O xarabadan evə gələnə kimi hamı bizdən şirinlik istəyir...İndi də siz başladız!!! Rədd olun evimdən...Hamınız cəhənnəm olun....

Körpə ağlamaq səsi Atanı fikrindən ayırdı. Deyəsən həmin hadisəni indi baş verdiyini sanıb həqiqətdə qışqırmışdı. Körpə də həmin qışqırıqdan qorxmuşdu. Ana yan otaqdan qaçıb gəldi:
-Əzizim, nolub? Yaxşısan?
-Narahat olma, bir an özüm-özümə əsəbləşdim...

*** *** ***

Həyat özünün bütün iyrəncliklərini Ataya göstərmişdi. Uşaqlığı ehtiyac içində keçmişdi. Valideynləri onun böyüyüb tərbiyəli, vicdanlı bir insan olmasını arzulayırdılar. Amma ətrafındakı həyat ona çox qəribə gəlirdi. Valideynlərinin ona öyrətdikləri onların yaşadığı məhlədə “keçmir
di”. Bütün məhlə uşaqları güc hesabına qabağa düşməyə çalışırdılar. Söyülən söyüşlər, heç nədən yaradılan məhlə davaları Atanı həyata pis gözlərlə baxmağa məcbur edirdi. 14 yaşına çatanda artıq ətrafındakı zövqlər dəyişməyə başlamışdı. Artıq uşaqlıqda əllərinə pul düşən kimi saq qız, bulka almağa qaçan dostları indi pul tapan kimi siqaret almağa, “bazlığa” getməyə başlamışdılar. Heç nə anlamayan Ata bir dəfə soruşanda ki, “bazlıq nədir?” hamı ona “sən lap ana uşağısan ki, ala. Get kişiliyi öyrən.” deyib gülmüşdü. Məktəbdə yalnız 1-2 dostu var idi. Sinifdəki qoluzorlu uşaqların çoxu özündən zəifləri döyərək özlərini qızlara göstərirdilər. Qızların çoxu da bundan “təsirlənib” onlarla yaxınlıq edirdilər. Ata dərslərini əla oxuyaraq valideynlərini sevindirməyə çalışırdı. Amma burda da onu rahat buraxmırdılar. Yaxşı oğlanlar ondan yoxlamalar olanda istifadə edir, başqa yerdə “kitab yeyən heyvan” deyirdilər. Məhz bu məktəbdə o, öpüşüb-görüşən oğlanların bir-birinə sadəcə pula görə hörmət elədiyini görmüşdü. Artıq həyata nifrət edən Ata ancaq ürəkdən bağlandığı iki dostu ilə oturub-dururdu. Yaxınlıqdakı məscidə gedib namaz qılmağı öyrənmişdilər. Amma kimsə biləndə ki, dostlar namaz qılandılar, birinci sualları bu olardı: Şiəsən yoxsa sünni? Soruşan şiə olanda üzlər gülərdi. Amma sünnilərin içinə düşəndə hamı onlara düşmən gözü ilə baxardı. Hamı öz məzhəbini bir cür başa salırdı. Maraqlısı da o idi ki, hamısı adama inandırıcı gəlirdi. Dostlar artıq nəyin düz nəyin səhv olduğunu bilmirdilər. Ata özü üçün belə bir nəticə çıxartmışdı: İslam ideologiyası ən mükəmməl ideologiyadı, amma onu artıq parçalayıb tanılmaz hala salıblar. Bundan sonra namaz qıldıqlarını hamıdan gizlətməyə başladılar. Məktəbi qurtaranda direktor attestat verməkdən imtina edərək 50 man pul tələb eləmişdi. Yazıq valideynlər yüksək instansiyalara şikayət etsələr də, ordan da rüşvət istəmişdilər. Sonda borc tapıb Atanın attestatını ala bilmişdilər. Yavaş-yavaş bataqlığı xatırladan cəmiyyətə uyğunlaşmağa çalışan Atanı və dostlarını HOST xilas eləmişdi. Onlar kimi eyni düşüncəli gənclərin hələ də olduğunu öyrənən dostlar mənəvi azadlıq və rahatlıq tapmışdılar. Tez-tez görüşən və daha çox hostçularla tanış olan Atanın sevincinin həddi-hüdudu yox idi. Ana ilə də məhz burada tanış olmuşdu. Amma sonralar...
HOSTa qoşulduqdan sonra Ata və dostlarının həyatı tamamilə dəyişmişdi. Onlar uzun müddət axtardıqlarını tapmışdılar. Bu cəmiyyətdə nə söyüş, nə içki, nə də siqaret var idi. Hostçular bir-birinə hədsiz dərəcədə güvənirdilər. Əvvəl kiçik bir rep qrupla başlamış HOST, indi böyük bir cəmiyyətə çevrilmişdi. Hostçular bütün çirkinliklərinə qarşı çıxır, mentalitetə nifrət edir, sərhədlərdən azad olmaq istəyirdilər. Ata hostçuların demək olar ki, hamısı ilə dostluq edirdi. Gün keçdikcə HOSTun sıraları artırdı. Hostçular müxtəlif qruplar yaradaraq insanları düzgünlüyə çağırırdılar.Məhz bu qrupların birində Ana ilə tanış olan Ata ona aşiq olmuşdu. Sonralar öyrənmişdi ki, Ana da ona biganə deyil...

*** *** ***

Artıq bir neçə il idi ki, HOST mövcud idi və nəzərə çarpacaq dərəcədə böyümüşdü. Qoşulan gənclərin sayı artmaqda idi. Amma bu dövrdə Atanın, eləcə də digər hostçuların həyatlarında faciə baş verdi. Hüquq mühafizə orqanlarının başıpozuq işçiləri əsl məqsədləri araşdırmadan HOSTu dövlət təhlükəsizliyinə qarşı təxribat törətməyə hazırlaşmaqla ittiham etdilər. Əslində bu işdə “hostçu”ların böyük əməyi olmuşdu. Bütün respublika daxilində hostçulara qarşı təqiblərə başlanmışdı. HOSTun qarşı olduğu bir çox “şərəfli” insancığazlar könüllü antihost dəstələri yaratmaqla əvvəllər mövcud olan “gözəl həyat”ı geri qaytarmağı qarşılarına məqsəd qoyaraq bu təqiblərə qoşulmuşdular. Tezliklə satqınlar hesabına HOSTun bəzi fəalları həbs olunmuşdular. Çoxu
na müxtəlif maddələrlə iş verib ömürlük həbsə saldılar. Hətta bəzi şayiələrə görə bəzilərini muzdlu qatillər tərəfindən qətlə yetirmişdilər. Camaatın çoxu da həqiqəti bilsələr də hostçu görən kimi polisə zəng edirdilər. Hostçulardan pulu olanlar öz ailəsi ilə birlikdə xaricə qaçmağa məcbur oldular. Xaricə qaçanlar imkan olduqca burdakıları ölkədən çıxartmağa çalışırdı. İmkanları çatmayan Ata kimi hostçular isə HOST sevgisini qəlblərinin dərinliklərində gizlətməli olmuşdular. Artıq Ana ilə ailə həyatı qurmuş və ata olmağa Ata ailəsini qorumaq üçün məcburi olaraq burda qalmalı olmuşdu. Xəstəxanadakı hadisələrdən və bir dilənçinin onu tanımasından sonra O, Ana ilə Körpəni götürüb başqa bir şəhərə, ordan da bir xeyli uzaq olan bu meşə daxmasına gətirməli ol
muşdu...
Axşam yeməyindən sonra Ata balaca stolun arxasına keçib Qaraqan adlı bir hostçu tərəfindən yazılmış və bir vaxtlar bütün hostçuların stolüstü kitabına çevrilmiş “A” kitabını oxumağa başladı. Onun özünə də qəribə gəlirdi; bu kitabı ən az 50 dəfə oxumuşdu, amma nədənsə yenə oxumaq is təyirdi. Kitabın üz qabığına baxdı; yalnız “A” hərfi, ilk baxışda heç bir məna verməyən “A” hərfi ...Yanındakı şkafın qapısından sürüşüb çıxmış qara rəngli bir şey Atanın diqqətini çəkdi. Axı bunlar bir zamanlar onları digərlərindən fərqləndirən qara kapüşonlar idi... Ahhhh, o günlər... Birdən qapını bərk döydülər. Ata diksindi. Ana yandakı otaqdan qorxmuş vəziyyətdə içəri qaçaraq:
-Ata, onlar bizi öldürəcəklər... Mənim Körpəmmmm...
Qeyri-ixtiyari bir hiss Atanı qapıya tərəf apardı. Qapını açdı. Bu nədir? Qapının ağzında 400-dən çox adam var idi. Hamısı da... Hamısı da... Hamısı da QARA KAPÜŞONDA... Qabaqda duran, üzü görünməyən adam sakitcə pıçıldadı:
-Ata və Ana...
Səs Ataya tanış gəldi.
-Bəli...
-Axı biz demişdik ki, bu dünyanı dəyişmək təkcə bizim missiyamızdı... Biz qayıtdıq və qisasımız amansız olacaq... Hostçular siz bizimləsinizmi???


Tənha şəhid